Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2024 , 16:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə torpaqlarındakı sənədsiz evlərlə bağlı AMNİSTİYA – MÜSAHİBƏ

Milli Məclisdə bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi birinci oxunuşdan keçib. Layihəyə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Saylar göstərilən rəqəmlərdən az olarsa, həmin bələdiyyələrin birləşdirilməsi gözlənilir. Mütəxəssislər isə hesab edirlər ki, bələdiyyələrin mövcud problemləri bununla bitmir. Birləşmə ilə yanaşı, digər vacib islahatlar da həyata keçirilməlidir. Həmin islahatların mahiyyəti, bələdiyyələrin mövcud çətinlikləri və ondan çıxış yolları ilə bağlı məsələlərə tarix üzrə fəlsəfə doktoru, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Medianews.az vasitəsilə aydınlıq gətirib.

– Fariz müəllim, haqqında danışılan qanun layihəsi ilə tanışsınız. Bələdiyyələrin birləşməsi təşəbbüsünə necə baxırsınız? Bu, nəyi dəyişəcək?

– Əslində bələdiyyələrin birləşdirilməsi və birləşdirmə əsasında onların səlahiyyətinin artırılması məsələsi bizim tərəfimizdən də xoş qarşılanır. Bunun tarixi kökləri də var. Çünki hələ çar Rusiyası dövründə, bizdə torpaq mülkiyyətçiliyi iki istiqamətdə idi. Bunun biri rəiyyət, digəri rəncbər sistemi üzərində idi. Rəiyyət sistemi üzərində olan kəndlərin daha çox torpağı vardı. Rəncbər olanlar isə ya bəy kəndliləri idi, torpaqları yox idi, ya da dövlət kəndliləri idi. Sovet dövrünə gələndə bu sistemi dəyişə bilmədilər. Ona görə də rəiyyət olanlar kolxoza çevrildi, rəncbər olanlar isə sovxoz oldular, bu istiqamətdə inkişaf etdilər. Müstəqillik illərində də bu tarixi gerçəklik nəzərə alınmadığı üçün yeni problemlərlə qarşılaşıldı. Kolxozlar, yəni, əvvəl rəiyyət olanlar çox torpaq sahibi olan kəndlər idi və bunlar həm də pay torpaqlarından başqa, bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan örüş və digər torpaqlar da istifadə edə bildilər. Sovxozların isə torpağı olmadığından avtomatik problemləri ortaya çıxdı. Ona görə də bu balans pozuldu. Bunu sovet dövründə bəzi sovxozların və kolxozların birləşdirilməsi şəklində həyata keçirmişdilər. Nəticədə tarixən rəncbər olan ərazilər rəiyyət olan kəndlərə birləşdirilmişdi. Beləcə bir torpaq fondu əmələ gəlmişdi.

– Bəs indiki halda necə olmalıdır?

– Əlbəttə, bələdiyyələrin sayı çoxdur. Xüsusilə, rəncbərdən gələn, yəni, kiçik kəndlər var ki, 50, 100, 150 evdən ibarətdir və torpaq fondu da demək olar ki, yox səviyyəsindədir. Bu bələdiyyələr, əslində, hansı şəkildə inkişaf edəcək, o bəlli deyil. Bu, kənd əhalisini əhatə edən bələdiyyələrdir. Şəhər bələdiyyələrinin isə elə problemləri yoxdur. Çünki onların böyük bir torpaq və əmlak fondu var və bu əmlak fondundan onlar vergilərini və icarə ödənişlərini əldə edə bilirlər. Kəndlərdə də əmlakla bağlı problemlər mövcuddur. Torpaqların çoxu kənd təsərrüfatı, əkin və ya örüş təyinatlıdır, ancaq üzərində evlər tikilib. Həmin evlərin qeydiyyata alınması problemdir. Bu səbəbdən bələdiyyələr orada xeyli vəsait itirir. Ona görə də bələdiyyələrin birləşdirilməsi ilə yanaşı, yeni torpaq və əmlakla bağlı islahatların reallaşmasına da ehtiyac var.

– Bu islahatın hansı formada olmasını düşünürsünüz?

– Baxın, qeyri-yaşayış obyektlərinin qeydiyyatı ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı oldu.  2025-ci  il yanvarın 1-dək mülkiyyətçilər torpaqlarını və əmlaklarını rəsmi qeydiyyatdan keçirə bilərlər. Bir növ onlara bir amnistiya verilmiş kimi oldu. Düzdür, orada əmlakların qeydiyyata alınması ilə bağlı haqlar çoxdur, minimum 1000 manatdan başlayan vəsaitdən söhbət gedir. Amma düşünürəm ki, ən azından bu artıq bir formatdır. Qeyri-yaşayış obyektlərinin yerləşdikləri torpaq sahələri ilə bağlı işlər də asanlaşdırılıb. Həmin sahələrin bələdiyyə, dövlət mülkiyyəti və ya xüsusi mülkiyyət olmasından asılı olmayaraq, artıq xüsusi mülkiyyətə verilməsi baş nazir səviyyəsində həll olunur. Məsələn, deyək ki, obyektin yerləşdiyi 10 sotun 1 sotu bələdiyyə torpağına düşübsə, avtomatik onu xüsusi mülkiyyətə verə bilirlər. Tutaq ki, idman kompleksi tikilib. Binanın bir metri dövlət mülkiyyətində olan torpağa düşüb. Onu da yerində həll edib qaydasına qoymaq imkanları var. Düşünürəm ki, bu, çox gözəl təşəbbüsdür və bəlkə də elə ilkin olaraq yoxlama məqsədilə verilmiş bir qərardır. Bu, sonrakı mərhələdə yaşayış evlərinə və istənilən mülkiyyətə tətbiq oluna bilər və böyük bir amnistiya elan oluna bilər. Yəni ki, insanlar öz mülkiyyətlərini rahat şəkildə sənədləşdirməlidirlər. Çünki artıq onlar faktiki olaraq mövcuddur, orada kommunal xidmətlərdən istifadə olunur, digər ödənişləri edirlər. Lakin sənədsiz olduqları üçün bələdiyyələrin ödənişlərini həyata keçirə bilmirlər. Artıq yaşayış sahələri ilə bağlı amnistiya olmalıdır. Yəni, o evlər sökülə bilməz. Sadəcə indiki sərhədlər dəqiqləşməlidir. Əslində, bələdiyyə torpaqlarında tikilən evlər, obyektlər heç də özbaşına, səbəbsiz yerə tikilməyib. Məsələn, bizim Gəgəli bələdiyyəsinin ərazisində əkin sahəsində yaşayış evlərinin düşməsinin səbəbi var. Həmin ərazi hələ 2000-ci ilin əvvəllərində bələdiyyə tərəfindən ayrılıb ki, burada evlər tikilsin, yaşayış massivi salınsın. Amma bu, rəsmiləşdirilməyib. Belə  problemlər bir çox bələdiyyələrin ərazisində mövcuddur. Məsələn, Qobustan şəhərinin yarısı, hətta Olimpiya kompleksi, icra hakimiyyətinin binası belə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. İndi dövlət icra hakimiyyətinin binasını sökməyəcək. Ancaq bütün əmlaklara amnistiya verilməlidir, başqa yolu yoxdur. Bələdiyyələrin də inkişafı oradan başlayacaq. Buradakı problemlər torpaq və əmlakla bağlıdır. Mən düşünürəm ki, həyati əhəmiyyətli bir qərar olacaq və bu, ölkəmizin də inkişafı üçün dönüş nöqtəsi olacaq.

– Yeri gəlmişkən, torpaqların sərhədlərinin müəyyənləşməsində də ciddi maneələr mövcuddur.

– Əslində dövlət bunu çox rahat və surətli şəkildə həll edə bilər. Çünki bütün rıçaqlar, aidiyyəti qurumların əlindədir. Tutaq ki, bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fonduna aid torpaqları mövcuddur. İndi həmin torpağı əkin üçün fermerlərə vermək olar. Ancaq bürokratik əngəllər buna imkan vermir. Mozdoka gedən qaz kəməri Gəgəli bələdiyyəsinin ərazisindəki kəndin perspektiv inkişaf torpağın içərisindən keçir. Biz həmin torpaqları vətəndaşların istifadəsinə verməyi planlaşdırdığımız üçün öncə araşdırma apardıq. SOCAR-a və digər dövlət qurumlarına müraciət etdik. Məlum oldu ki, həmin ərazidə evlərin tikilməsi çox təhlükəlidir. Ona görə kəmərin keçdiyi ərazilərdə 350 metrlik mühafizə zolağı müəyyən olundu və bunu dövlət özü rahat şəkildə ayırdı. Əslində, bu məsələlər elektron xəritələşdirmədə nəzərə alınmışdı. Amma o xəritələr də illərdi üzə çıxarılmır.

– Siz dəfələrlə bu məsələyə toxunmusuz. Niyə elektron xəritələr hələ də bələdiyyələrə verilmir? Hansısa maneələr varmı?

– Əslində, bu vaxta qədər bələdiyyələrdə bir neçə xəritə olub. Ancaq onlar o qədər də funksional deyil. Orada sadəcə kəndin, bələdiyyənin sərhədləri göstərilib. Torpaqların təyinatı, qərarların verilməsi üçün lazım olan digər informasiyalar verilməyib. Bu da işimizi çətinləşdirir. Bunları dəqiqləşdirmək, mübahisəli məqamlarda aydınlıq gətirmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli oluruq. Burada isə bütün xidmətlər ödənişlidir. Son bir ildə isə xidmət haqları 7 dəfə bahalaşıb. Bu da həm bələdiyyələrin, həm də vətəndaşların xərclərinə uyğun deyil. Elektron xəritəmiz olsa, qərarları ona uyğun rahat şəkildə verə bilərik. Elektron xəritələri əldə etmək üçün dəfələrlə İqtisadiyyat, Ədliyyə nazirliklərinə müraciət etmişik, ancaq nəticəsiz qalıb. 2018-ci  ilin xəritəsini və bələdiyyə şəhadətnaməsini bizə Milli Məclisdən göndərdilər. Ancaq elektron xəritənin olduğu yaddaş diskini vermədilər. Elektron xəritə deyilən sənəddə isə heç nə yox idi. Sadəcə 2015-ci  ildəki xəritənin oxşarı idi,  bəzi rəngləri  dəyişdirmişdilər. Buradan da bir nəticə əldə edə bilmirik. Məsələn, bizdə olan xəritədə örüş sahəsi kimi göstərilən torpaqlar iri sahibkarlara verilib. Adamların əlində həmin sahənin əkin torpağı olmasına dair çıxarışı var. Bu nəyə əsasən verilib? Niyə xəritədə görünmür? Suallar açıq qalır. Əgər vaxtilə hər hansı qərar olubsa, biz onu müəyyən edə bilmirik. Hətta mən Əmlak Məsələləri Dövlət Xidmətində bir neçə dəfə qəbulda olmuşam. Onlar mənə belə bir səbəb gətirdilər ki, guya 2007-2008-ci illərdə bələdiyyələrin torpağın təyinatını dəyişməklə bağlı hüquqları olub və onun əsasında onlar da dəyişiblər. Amma bələdiyyələrin belə bir səlahiyyəti heç vaxt olmayıb. Qanunvericiliyə əsasən, torpağın təyinatının dəyişdirilməsi səlahiyyəti yalnız Nazirlər Kabinetinə məxsusdur. Biz 2021-ci ildə fəaliyyətə başlayanda elektron xəritələrin veriləcəyini vəd etdilər. Artıq 2024-cü ilin aprel ayı çatıb, ancaq biz elektron xəritə adında heç nə görməmişik və onun nə olduğunu bilmirik.

– Bəs elektron xəritələrin olmaması sizin işinizə necə təsir edir?

– Elektron xəritələrin olmaması bələdiyyələrin işini yarıtmaz bir vəziyyətdə saxlayır. Çünki biz torpaqların təyinatı, istifadəsi, icarə haqlarının düzgün hesablanması və sairlə bağlı özümüz qərar verə bilmirik. Çünki vətəndaşların, sahibkarların əllərində başqa çıxarışlar var. Biz həmin sahənin örüş, yoxsa əkin sahəsi olduğuna dair xəritə üzərindəki məlumatları görə bilmirik. Bəziləri vaxtilə böyük torpaqları əkin üçün götürüblər, məsələn, 1000 hektar, 500 hektar, 300 hektar. Həmin şəxslər bu torpaqlara görə əkin üçün subsidiya da alıblar. Amma bu ərazilərin təyinatı tam dəqiqləşməyib. Biz istərdik ki, əgər torpağın təyinatı örüşdürsə, belə də istifadə olunsun, deyilsə, başqa qərar verək. Vətəndaşlarımızın torpağa ehtiyacı var. Məsələn, deyək ki, 1000 hektarlıq torpağı biz 50 hektar ayıraraq heyvandarlıqla məşğul olan insanlara verib əlavə 20 sahibkar ortaya çıxara bilərik. Yəni, prosesi inkişaf etdirə bilərlər. Onsuz da hazırda regionlarda əkinlərin suvarılması ciddi bir problemdir. Həmin torpaqlar da vaxtında əkinə yararlı olmadığı üçün örüş torpağı hesab olunublar. Ancaq indi həmin ərazilər əkin üçün istifadə olunduğu üçün suvarılır, nəticədə böyük bir şoranlaşma yaranır. Qida təhlükəsizliyi məsələsi önə çəkilirsə, heyvan mənşəli qidalar da taxıl qədər önəmlidir. Digər tərəfdən, yerli əhalinin məşğulluq problemi də bir qədər aradan qalxmış olar. Onların tarixən əsas məşğuliyyətləri heyvandarlıq olubsa, indi o istiqamətdə də sahibkarlıq fəaliyyətlərini həyata keçirməlidirlər. Elektron  xəritələrin bələdiyyəyə gəlib çıxmaması büdcəmizdən əlavə vəsaitlərin xərclənməsinə, işlərin ləngiməsinə, torpaqlardan istifadə zamanı ortaya çıxan mübahisələrin həll edilməməsinə gətirib çıxarır. Tutaq ki, vətəndaş öz torpağından istifadə zamanı yaxınlıqdan keçən yolun sahəsinə daxil olub. Ancaq biz onu vətəndaşa sübut edə bilmirik. Məsələ məhkəməyə qədər gedib çıxır. Orada nəyisə sübut etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətindən sənəd almaq məcburiyyətində qalırıq. Ancaq əlimizdə elektron xəritə olarsa, bütün xətləri, sərhədləri dəqiq görə və yerindəcə qərar verə bilərik. Bunlar təkcə torpağın əkilib-biçilməsi və ya məhsul götürülməsi ilə bağlı məsələlər deyil, həm də fövqəladə hallarda problemlərə səbəb ola bilər. Əgər sahələrarası yollar itərsə, hansısa sahələrdə yanğın baş verdikdə onun qarşısını almaq üçün texnika hərəkət edə bilməyəcək. Ona görə də həm arxlar, həm də yollar  düzgün istifadə olunmalıdır. Bunun üçün sərhədlərin dəqiqləşməsində, digər işlərin tənzimlənməsində elektron xəritələr olduqca vacibdir.

– Yığımlarla bağlı vəziyyət necədir? Elektron xəritələrin olmaması bələdiyyələrə aid olan vergi və haqların toplanmasına da təsir edirmi?

– Təəssüf ki, həmin xəritələrin olmaması yığımlara da mənfi təsir edir. Ən böyük problemlər sahibkarlarla bağlıdır. Əvvəllər bələdiyyə sədrləri özləri sahibkarlar olub, torpaqların çox hissəsini özləri istifadə edib, oradan gəlir götürüblər. Ancaq bələdiyyəyə heç bir ödəniş etməyiblər. Bu səbəbdən vətəndaşlardan da vergini toplamamağa üstünlük veriblər ki, heç kimin səsi çıxmasın. Ancaq 2016-cı ildən sonrakı bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi yaradılandan sonra vətəndaşların bütün torpaqları sistemə işlənib. Bundan sonra heç bələdiyyə sədrindən və ya bələdiyyənin öz işçilərindən də asılı olmadan bu sistem avtomatik olaraq işləyir, borcları və faizləri hesablayıb göstərir. Vətəndaşlar bir də onda ayılırlar ki, böyük məbləğdə vergi və icarə borcu əmələ gəlib. Bu onu göstərir ki, indiyədək əmlak vergisi, ona hesablanan faizlər və digər ödənişlər barədə vətəndaşlara məlumatlar verilməyib, izah olunmayıb. Artıq son illərdə biz bu sahədə yerli sakinlər arasında maariflənmə işləri aparmışıq, yığımların əhəmiyyətini izah edib bələdiyyə fəaliyyətinin mahiyyətini göstərməyə çalışmışıq. Elektron sistemdə məlumatların yanlış daxil edilməsi nəticəsində artıq məbləğlərin hesablandığının şahidi oluruq. Bu zaman admin mərkəz vasitəsilə məsələnin vətəndaşın xeyrinə həll olunmasına nail ola bilirik. Ancaq digər şəxslərin həmin sistemə müdaxilə etmək, nəyisə dəyişmək səlahiyyəti yoxdur. Bundan əlavə, vətəndaşların bank vasitəsilə ödədiyi icarə haqqı sistemdə görünmür. Çünki bələdiyyənin bank hesabına edilən ödənişlər hökumət ödəniş portalına inteqrasiya olunmayıb. Eyni zamanda həmin ödənişlərin qəbulu “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırılmayıb. Ona görə nağdsız ödənişlərlə bağlı problem yaranırdı. Bu səbəbdən də iri şirkətlər və ya sahibkarlar ödənişləri bələdiyyənin bank hesabına köçürürdülər. Sonradan biz həmin məlumatları admin mərkəzə ötürüb onların vasitəsilə sistemə daxil edirdik. Çünki Vergi Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə, hər ödənilməyən günə görə 0,1 faiz hesablanıb borcun üzərinə əlavə olunur. Bu da ilin sonunda ciddi rəqəmlərə gətirib çıxarır. Bunun qarşısını almaq üçün biz vətəndaşlara ayrıca işləyirik, onları maarifləndirmə, hətta həvəsləndirmə ilə məşğuluq.

– Borcların toplanmasında hansı çətinlikləriniz ortaya çıxır?

– 2023-cü ilin yekunlarına görə, Gəgəli bələdiyyəsi üzrə vətəndaşların borcları 30 min manatdan artıq olub. Mən düşünürəm ki, bu il rəqəm 40 min manat ətrafında olmalıdır. Sahibkarlardan borcların alınması nisbətən rahatdır. Hər hansı problem yaranan kimi avtomatik icra probasiya şöbəsinə yönləndirib borcun alınmasına nail oluruq. Ancaq bu sahədə də ciddi maneələrlə rastlaşırıq. Bizim bələdiyyədə 550-dən yuxarı ödəyici var. 2021-ci ildə onlardan 30 nəfər vətəndaşdan borcun alınması ilə bağlı sənədləri icra probasiya şöbəsinə yönəltmişik. Üstündən 3 il keçməsinə baxmayaraq, o ödənişləri biz hələ də ala bilməmişik. Buna görə də sonrakı illərdə biz borclarla bağlı icra probasiya şöbəsinə müraciət etmədik. Hələ də icra və probasiya şöbəsi əvvəl göndərdiyimiz 30 vətəndaşın işlərinin öhdəsindən gələ bilmir. Hətta bəzən aldıqları pulları bələdiyyənin hesabına köçürə bilmirlər, depozit hesabında saxlayırlar. Biz dəfələrlə Ədliyyə Nazirliyinə, regional mərkəzə müraciətlər etdik, ancaq doğru  informasiya ala bilmədik. Nəhayət, bu il mart ayının əvvəlində həmin vəsaitin bir hissəsini – 450 manatı Gəgəli bələdiyyəsinin hesabına köçürülməsinə nail olduq. Digər hissəsi isə hələ də qalır. Bu hallar bələdiyyənin işinə mənfi təsir edir. İcra və probasiya şöbəsi 3 ilə 30 vətəndaşın ödənişlərini alıb bələdiyyəyə verə bilmirsə, deməli, orada da problem var. Sənəd bizə gəlməyəndə biz vətəndaşın ödəniş məlumatlarını elektron sistemə daxil edə bilmirik. Nəticədə onlara əlavə faizlər hesablanır. Bu da ayrıca bir problemdir.

– Bəs ödənişlərin toplanması üçün alternativ addımlar atırsınızmı?

– Bələdiyyə ərazisində hər məhəllənin öz problemi var. Mən onlarla ayrıca görüşüb söhbət edirəm. Mövcud problemin həll olunması üçün vəsait tələb olunduğunu izah edirəm. Onlara deyirəm ki, siz borcunuzu ödəyin, biz işə başlayaq. Vətəndaşlar da bununla razılaşaraq ödənişi edirlər. Buna cavab olaraq biz də məhəllənin probleminin aradan qaldırılmasına başlayırıq. Bəzən isə özləri borclarını ödədikdən sonra bələdiyyəyə müraciət edirlər ki, məsələn, bizim yolumuz düzəlsin. Təcrübə onu göstərir ki, vətəndaşları bələdiyyələrin işinə cəlb etməyin əsas vasitəsi onların maarifləndirilməsidir.

– Sakinlərin əsas ehtiyaclarını öyrənmisiniz. Onların təmin edilməsi istiqamətində hansı addımlar atılır?

– Sel suları nəticəsində kəndin əsas yolunda əvvəl tikilən körpü yarasız hala düşmüşdü. Ötən il biz onun bərpasına nail olduq. Doğrudur, həmin tikintiyə 70 min manata yaxın vəsait xərclədik. Ancaq uzun müddətli istifadə üçün olduğundan bunu etməyə dəyərdi. Digər  məsələ kənddə məişət tullantılarının idarə olunması ilə bağlıdır. “Təmiz kənd” mərhələsini artıq yekunlaşdırmışıq. Növbəti mərhələdə “sıfır tullantı” hədəfinə nail olmağa çalışırıq. Biz artıq evlərdən tullantıların çeşidlənərək qəbul edilməsinə başlayırıq. 4 növ çeşidləmə edilir. Bu mərhələni də keçə bilsək, böyük nailiyyət olacaq.

Selcan TÜRK

Qeyd: Müsahibə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

https://medianews.az/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024